Avropa çempionu çağırış etdi: Qadın futbolu ilə bağlı
İngiltərə millisinin baş məşqçisi Sarina Vieqman ölkə hökumətini qadın futbolunun inkişafına daha çox sərmayə qoymağa çağırıb.
Aut.az xəbər verir ki, 55 yaşlı niderlandlı mütəxəssi komanda üzvləri ilə Britaniyanın Baş nazirinin iqamətgahını ziyarət edib. Orada çıxış edən Viegman bildirib ki, qadın futbolu hələ də əlavə dəstəyə və maliyyəyə ehtiyac duyur:
“Bu inanılmaz komanda Avropa çempionatını qazandı və dərhal hökumətə məktub ünvanlayaraq hər bir qızın futbola çıxış imkanını təmin etməyin vacibliyini qeyd etdi. Artıq müəyyən addımlar atılıb, amma bu son deyil. Davam etməliyik və bizə bir az daha çox dəstək lazımdır.
Daha çox sərmayə lazımdır. Hələ hədəfə çatmamışıq. İngiltərə artıq yüksək səviyyədədir, amma liderliyini qoruyub saxlamalıdır. Bu məsələdə ilk növbədə futbolçular, eyni zamanda Futbol Assosiasiyası, klublar, hökumət, ölkə və azarkeşlər birlikdə hərəkət etməlidir. Gəlin, bu liderlik rolunu qoruyub saxlayaq”.
Qeyd edək ki, İngiltərə qadın futbolçuları 2025-ci il Avropa çempionatının qalibi olub. Onlar finalda İspaniyanı penaltilər seriyasında məğlub ediblər. Komanda bununla ardıcıl ikinci dəfə Avropa çempionu olub.
Aut.az
