Mourinyo ulduz futbolçuya görə hərəkətə keçdi: “Barselona”nı qabaqlaya biləcək?
“Mançester Yunayted”in və İngiltərə millisinin cinah oyunçusu Markus Reşford hələlik karyerasını hansı klubda davam etdirəcəyinə qərar verməyib.
Aut.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorimin rəhbərlik etdiyi məşqçilər heyəti futbolçuya onun xidmətlərinə ehtiyac olmadığını bildirib və komandadan ayrılmağı tövsiyə edib. 27 yaşlı oyunçunun əsas iddiaçısı kimi İspaniyanın “Barselona” klubu göstərilsə də, mübarizəyə “Fənərbağça” da qoşulub.
Türkiyə klubunun baş məşqçisi Joze Mourinyo Superliqada çempionluq uğrunda mübarizə aparmaq üçün hücum xəttini gücləndirməyin vacib olduğunu düşünür. Portuqaliyalı mütəxəssis Reşfordun güclü tərəflərini yaxşı tanıyır, çünki onunla “Yunayted”də birlikdə çalışıb.
Mourinyo ümid edir ki, “Barselona”dan əvvəl davranaraq futbolçunu Türkiyə çempionatına keçməyə inandıra biləcək. Reşford yaxın vaxtlarda son qərarını verməlidir.
Qeyd edək ki, Markus Reşford “Mançester Yunayted”in yetirməsidir və 2005-ci ildən klubdadır. Ötən mövsüm o, icarə əsasında “Aston Villa”da çıxış edib. Bu komandada 10 oyuna çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. Onun bazar dəyəri təxminən 50 milyon avro qiymətləndirilir.
Aut.az
