PSJ-nin prezidentindən jest: “Lion”a kömək edəcək
PSJ-nin prezidenti Nasser Əl-Xelayifi “Lion” klubuna Liqa 1-də qalmaqda kömək edəcək.
Aut.az xəbər verir ki, bu barədə “Paristeam” nəşri məlumat yayıb.
Əl-Xelayifi 2023-cü ildə PSJ-yə 50 milyon avroya transfer olunmuş Brədli Barkolanın müqaviləsində nəzərdə tutulan ödənişi vaxtından əvvəl həyata keçirəcək. Həmin vəsait “Lion”a maliyyə vəziyyətini sabitləşdirmək üçün veriləcək. Transfer zamanı bu məbləğ hissə-hissə ödənilməli idi.
Maraqlıdır ki, “Lion”un sahibi Con Tekstor uzun müddət Liqa 1 rəhbərliyi və xüsusilə də Əl-Xelayifi ilə maliyyə qeyri-bərabərliyinə görə mübahisə edirdi. Ancaq vəziyyətin kritik hal almasının ardından məhz Əl-Xelayifi ilk olaraq Tekstorla əlaqə saxlayıb.
Qeyd edək ki, ötən il “Lion” təxminən 500 milyon avro borcu olduğunu açıqlamışdı. Klubun sahibi olan “Eagle Football Group” konsorsiumu vəziyyəti düzəltmək üçün bir sıra maliyyə addımları atsa da – məsələn, Con Tektorun “Kristal Pelas”dakı payının və “Lion”un qadın komandasının satışı – bunlar Fransa Peşəkar Futbol Liqasının nəzdində fəaliyyət göstərən DNCG-nin tələblərini tam ödəməyib.
Xatırladaq ki, ötən noyabrda DNCG artıq bir dəfə “Lion”u Liqa 2-yə salmaqla hədələmişdi.
Bununla belə, klub bu yay transfer pəncərəsində Rayan Şerkini “Mançester Siti”yə 35 milyon avroya (bonuslarla birlikdə) satıb və Liqa 1-də mövsümü 6-cı yerdə başa vuraraq Avropa Liqasına vəsiqə qazanıb.
Aut.az
