Dünya futbolu

Mourinyo bu yığmaya rəhbərlik edə bilərmiş: Görün kim “torba tikib”

Hazırda İtaliya millisinin nümayəndə heyətinin rəhbəri postunu tutan əfsanəvi qapıçı Canluici Buffon komandanın baş məşqçi postuna Joze Mourinyo və Roberto Mançini kimi tanınmış mütəxəssislərin dəvət olunmasının əleyhinə çıxıb.

Aut.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

Bildirilir ki, İtaliya millisinin texniki sponsoru “Adidas” Mourinyonu dəvət etməkdə maraqlı olub və portuqaliyalı mütəxəssisin maaşının bir hissəsini qarşılamağa hazır olub. Bununla belə, Buffon hesab edib ki, yığma italiya futbolunun əfsanəsinə və 2006-cı il dünya çempionatının qəhrəmanlarından birinə tapşırılmalıdır. Bu səbəbdən seçim Cennaro Qattuzo olub.

Buffon həm də 2018-2023-cü illərdə komandaya rəhbərlik edən Roberto Mançininin “Skuadra Adzurra”ya qayıtmasının əleyhinə olub.

Mançini dəvət olunarsa, Buffon istefa verəcəyi ilə hədələyib.

Aut.az