Əfsanə “Rolan Qarros”u ittiham etdi: Rusiyanın işğalını təbliğ edir
Əfsanəvi çex xokkeyçi Dominik Qaşek “Rolan Qarros”un təşkilatçılarını, eləcə də beynəlxalq tennis təşkilatları WTA və ATP-ni Ukraynada Rusiyanın təcavüzünü təbliğ etdiklərinə görə kəskin tənqid edib.
Aut.az xəbər verir ki, Qaşek bu barədə “X” sosial şəbəkəsində paylaşım edib:
“Bir neçə gün əvvəl Parisdə “Rolan Qarros” başa çatdı. Təəssüf ki, WTA və ATP-nin təşkil etdiyi bütün yarışlarda olduğu kimi, bu yarışda da Rusiya imperialist müharibəsini rəsmən pisləməyən və bu istiqamətdə heç bir tədbir görməyən rus idmançılar iştirak etdilər. Beləliklə, Fransa ərazisində keçirilən bu turnir Rusiyanın təcavüzkar müharibəsinin böyük reklamına çevrildi”.
Əfsanəvi qapıçı tennis üzrə Fransa açıq çempionatının təşkilatçılarını, eləcə də əsas tennis təşkilatlarını Ukrayna ərazisində Rusiya cinayətlərinə şərik olmaqda ittiham edib.
“Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində çoxlu sayda insan itkisinə görə WTA, ATP və Fransa məsuliyyət daşıyır. Hər bir idman tədbiri və bu cür reklamlara icazə verən hər bir ölkə Ukraynaya milyardlarla avro təzminat ödəməlidir. Baxmayaraq ki, təəssüf ki, bu, itirilmiş insan həyatını qaytarmayacaq”, – əfsanəvi xokkeyçi vurğulayıb.
Aut.az
