Polis Maradonanın əməliyyat olunduğu klinikada reyd keçirdi
Buinos-Ayresdə yerləşən klinikalardan biri Dieqo Maradonanın tibbi sənədlərinin ələ keçirilməsi ilə nəticələnən polis reydinin mərkəzinə çevrilib.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Reyd bu gün keçirilib və təxminən 4 saat davam edib.
Mənbənin bildirdiyinə görə, polis bu addımı Maradonanın ölümündə səhlənkarlıqda ittiham olunan 7 tibb işçisinə qarşı məhkəmə prosesi çərçivəsində məhkəmə qərarı ilə atıb. Polis 275 səhifədən ibarət arxiv materiallarını və istintaq altındakı tibb işçiləri arasında aparılmış 547 elektron məktubu müsadirə etdiyini açıqlayıb.
Klinika “Los Olivos”un tibbi direktoru Pablo Dimitroff bildirib ki, Maradona əməliyyatdan əvvəlki tibbi müayinələrdən keçib və əməliyyat klinikanın neyrocərrahı tərəfindən komplikasiyasız şəkildə həyata keçirilib. Qeyd olunur ki, bu müayinələr Maradonanın rəsmi xəstəlik tarixçəsinə daxil edilməyib.
Hakimlər reyd zamanı 3–11 noyabr 2020-ci il tarixlərini əhatə edən bütün Maradonaya dair sənədlərin müsadirə olunmasına qərar veriblər.
Xatırladaq ki, Dieqo Maradona kəllə ilə beyin arasında yaranmış hematoma səbəbilə əməliyyat olunmuşdu. O, 4–11 noyabr tarixlərində “Los Olivos” xəstəxanasının reanimasiya şöbəsində qalmış, daha sonra reabilitasiya üçün özəl evə köçürülmüşdü. Maradona 2020-ci ilin noyabrın 25-də, 60 yaşında vəfat etmişdi.
Aut.az
