“Barsa”nın tədbirində Xavini ələ saldılar: Klub üzr istədi – FOTO
Martın 3-dən 6-dək Kataloniyanın paytaxtında illik texnologiya sərgisi olan Mobil Dünya Konqresi (MWC) keçirilir.
Aut.az xəbər verir ki, “blauqrana”nın prezidenti Joan Laporta və qapıçı Mark-Andre ter Ştegen sərgi obyektlərini ziyarət edərək səhnədə çıxış ediblər. “Barselona”nın innovasiya mərkəzi çərşənbə axşamı idmanda gələcəyin texnologiyalarına həsr olunmuş bir sıra təqdimatlar keçirib.
Qazonun vəziyyətini real vaxt rejimində izləməyə imkan verən Almaniyanın “Turfcoach” startapının təqdimatı hamının diqqətini cəlb edib. “Barsa” mənbələrinə görə, “Turfcoach” yenidən işlənmiş “Camp Nou” stadionu üçün ot örtüyü təmin etmək üçün yarışan beş finalçıdan biri olub.
Təqdimat zamanı “Turfcoach” keçmiş futbolçu və “Barselona”nın keçmiş baş məşqçisi Xavi haqqında iki memdən ibarət slayd nümayiş etdirib. Onlardan birində Xavinin başında saç əvəzinə ot görünür. Digərində isə Xavi “Camp Nou” meydançasında qazonbiçənlə işləyir.
Qeyd edək ki, Xavi bir məşqçi kimi dəfələrlə İspaniyada meydançaların qeyri-qənaətbəxş vəziyyətdə olmasından şikayətlənib və bildirib ki, bu, komandasının gözəl futbol göstərməsinə və nəticə qazanmasına mane olub. Bunun üçün o, hətta rəqiblərin fanatlarından “bağban” ləqəbini də alıb.

Memlər tez bir zamanda sosial mediada yayılıb. Xavinin ətrafı “The Athletic”ə bildirib ki, “Barsa”nın keçmiş məşqçisi və ailəsi bu görüntülərdən şoka düşüb və məyus olublar. Onlar bunun əfsanəyə hörmətsizlik olduğunu bildirblər. Üstəlik, bunun klubun özünün təşkil etdiyi tədbirdə baş verməsinə görə məyus olublar.
“Barselona” Xavidən üzr istəyib və klubun “Turfcoach” ilə hər hansı kommersiya müqaviləsi olduğunu təkzib edib.
Klubdakı mənbələr “Barsa”nın tədbirdə çıxış edən bütün şirkətlərin təqdimat slaydlarını əvvəlcədən yoxladığını da bildirdi. Bildirilir ki, “Turfcoach”ın təqdimat öncəsi slaydlarına Xavi memləri daxil olmayıb.
“Biz açıq şəkildə bildirmək istəyirik ki, “Turfcoach” “Barselona” ilə işləmir və heç vaxt Xavini ələ salmaq niyyətində olmayıb. Əgər bu, onu və ya ətrafındakıları incidibsə, üzr istəyirik. Əksinə, Xavinin futbolda meydançaların əhəmiyyəti ilə bağlı mesajını dəstəkləmək və yaymaq üçün bu təqdimatı məsuliyyətlə hazırlamaq niyyətində idik. Onun meydança şəraitinə diqqəti oyuna sadiqliyini nümayiş etdirir və biz “Turfcoach”da bu vizyonu bölüşürük”, – deyə şirkətdən bildirilib.
Aut.az
