Sehrli formul yoxdur – Enrike gürcüdən razıdır?
Xviça Kvaratsxeliyanın “Napoli”dən PSJ-yə keçməsi qış transfer pəncərəsinin əsas xəbərlərindən biri oldu. Futbolçu Paris klubuna 70 milyon avroya başa gəlib.
Gürcü cinah oyunçusu artıq yeni klubunda bir neçə oyun keçirib. Kvaratsxeliya bir qol vurub, bir məhsuldar ötürmə edib. Çempionlar Liqasının 1/16 finalında PSJ-nin 3:0 hesabı ilə qalib gəldiyi “Brest”lə qarşılaşmada futbolçu 67-ci dəqiqədə meydana daxil olub. Ola bilər ki, Kvaratsxeliya cavab oyununda start heyətdə yer alsın.
PSJ-nin baş məşqçisi Luis Enrike futbolçunun ilk oyunlarından ümumilikdə razı qalıb. Bununla belə, mütəxəssis qeyd edib ki, Kvaratsxeliyaya uyğunlaşmaq üçün hələ vaxt lazımdır.
“Bəli, məmnunam. Onun uyğunlaşması üçün vaxt lazımdır. Sehrli formul yoxdur. Ölkəni, komandanı, dili dəyişmək çətindir. Ailənizə də vaxt lazımdır. Bu vaxt tələb edir. Onun məşq etmə tərzindən və özünü aparmasından razıyam”, – Luis Enrike bildirib.
Aut.az
