Marina Vasilyevanın qurbanı – Fərid Qayıbov vəzifəsindən azad ediləcək?
Fevralın 18-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-seçki Baş Məclisi keçirilib. Baş Məclisdə Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə MOK-un prezidenti seçilib.
Bundan başqa MOK-un IX Hesabat-seçki baş məclisində növbəti 4 il müddəti üçün qurumun İcraiyyə Komitəsinin üzvlərinin adları da müəyyənləşib.
Komitənin tərkibi 12-dən 10-na endirilib. Komitəyə Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev üzvlər seçiliblər.
Köhnə tərkibdən 4 nəfər yeni komitədə yer almayıb. Bunlar gənclər və idman naziri Fərid Qayıbov, onun keçmiş müavini Marina Vasilyeva, həmçinin Könül Nurullayeva və Ramil Hacıdır.
Diqqətçəkən məqam gənclər və idman naziri Fərid Qayıbovun yeni dönəmdə İcraiyyə Komitəsində yer almamasıdır.
Aut.az-ın əldə etdiyi məlumata görə, buna səbəb nazirin bu postdakı taleyinin qaranlıq olmasıdır.
MOK-un icraiyyə üzvlüyündən çıxarılan Qayıbovla bağlı bu, ilk hərəkətlilik deyil. Yanvarın 29-da Prezident İlham Əliyev 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edib. İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Təşkilat Komitəsinin sədri olan Fərid Qayıbovu Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov əvəzləyib.
Fərid Qayıbovun bu vəziyyətlə üzləşməsinin əsas səbəbi çox güman ki, keçmiş müavini Marina Vasilyevanın yaşadığı qalmaqalla bağlıdır. Marina Vasilyeva və qızı Siyana Vasilyeva Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası tərəfindən ağır cəzalara məruz qalıb. Bu da ölkə idmanının nüfuzuna ağır zərbə vurub. Qayıbov bu proseslərin qarşısını almaq, ölkə idmanının nüfuzunu xilas etmək üçün müvafiq addımlar atmayıb. Bu da nazir kimi karyerasına ağır zərbə vurub.
Fərid Qayıbov böyük ehtimalla, III MDB Oyunlarından sonra nazir vəzifəsindən azad ediləcək.
Aut.az
