İtaliya

Kapello “Milan”ın düşərgəsindəki gərginlikdən danışdı: Məşqçinin bunu etməsi normal deyil

“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello İtaliya A Seriyasının 22-ci turunun “Parma” ilə oyunundan (3:2) sonra “rossoneri”nin çalışdırıcısı Serxio Konseysao ilə klubun müdafiəçisi Davide Kalabria arasında baş verən qarşıdurmanı şərh edib.

Aut.az xəbər verir ki, o, “Football Italia”ya açıqlamasında bu sözləri deyib:

“Məşqçinin hamının gözü qarşısında oyunçularından birinə qarşı bu cür ifadələr işlətməsi normal deyil. Təbii ki, futbolda mübahisələr olur, bəzən sərt də olur. Bunu birinci mən başa düşürəm, amma bu, kameralar qarşısında yox, içəridə, soyunub-geyinmə otağında olmalıdır.

Oyunsonrası müsahibələrdə hər iki günahkar hər şeyi gizlətdi. Amma mən əminəm ki, bu vəziyyət açıq-aşkar gərginliyin əlaməti idi və üstəlik, məşqçinin müəyyən əsəbiliyini göstərir”.

Matçdan sonra hələ meydanda olarkən Konseysao Kalabriyaya tərəf qaçıb və oyunçuya qışqırmağa başlayıb. Daha sonra onu itələyib. Bundan sonra komanda yoldaşları münaqişə iştirakçılarını müxtəlif istiqamətlərə çəkiblər.

Aut.az