Dünya futbolu

“Qızıl top”un qalibi Moskvaya gəldi, ukraynalılar qəzəbləndi: Alçaldıcıdır

Rusiyaya gələn əfsanəvi italyan futbolçu Fabio Kannavaro ukraynalıları qəzəbləndirib.

Aut.az xəbər verir ki, Kannavaro “Winline LPL CUP” padel turnirində iştirak etmək üçün Moskvaya gəlib.

“Biabırçılıq! “Qızıl top”un qalibi və dünya çempionu – Rusiyada. İtaliyalı Fabio Kannavaro Ukraynaya dəstək məqsədi ilə xeyriyyə oyununda oynayıb… İndi o, Rusiyaya padel oynamaq üçün gəlib 🤬”, – “Ukrayna Futbolu” teleqram kanalında yazıb.

Ukraynanın “Football24” saytı da öz növbəsində bunları yazır: “Kannavaro iki kresloda əyləşməyin pərəstişkarı olub. 2023-cü ilin avqustunda o, Ukraynaya dəstək məqsədilə təşkil olunmuş Aleksandr Zinçenko və Andrey Şevçenkonun komandaları arasında keçirilən Game4Ukraine xeyriyyə oyununda iştirak edib”.

Kiyevin “Prsport” saytı “Qızıl top”un qalibinin Rusiyaya səfərini belə təsvir edib: “Məşhur italyan futbolçu Fabio Kannavaro alçaldıcı hərəkət etdi”.

Qeyd edək ki, Kannavaro rusiyalı jurnalistlərlə söhbətində Moskva kimi füsunkar şəhərə gəlməyin onun üçün böyük şərəf olduğunu bildirib.

Ukrayna saytlarında futbol azarkeşləri Kannavaronun Rusiyaya səfəri ilə bağlı xəbərlərə şərhlərdə Kannavaronun Rusiyaya səfəri ilə bağlı çoxlu sayda mənfi və təhqiramiz şərhlər yazırlar.

Aut.az