İngiltərə

Məhkəmədə “Siti”yə qalib gələn futbolçu bəyanat yaydı: Nəhayət ki…

“Mançester Siti”nin keçmiş oyunçusu, hazırda Fransa Liqa 2-də “Lorient”də çıxış edən Benjamin Mendi, sabiq klubuna qarşı məhkəmə işini qazandıqdan sonra açıqlama verib.

Aut.az xəbər verir ki, Mendi bu barədə “X” hesabında paylaşım edib.

“Üç il maaşımı gözləməli oldum və bu qərardan çox məmnunam. Səmimi ümid edirəm ki, klub indi şərəfli işi görəcək və ödənilməli olan məbləğləri, eləcə də müqavilədə mənə vəd edilən məbləğləri gecikdirmədən ödəyəcək. Nəhayət ki, həyatımın bu çətin hissəsini başa vura biləcəm”, – Mendi bildirib.

Xatırladaq ki, 30 yaşlı Mendi malikanəsində qadına təcavüz etməkdə ittiham olunurdu. 2023-cü ilin iyulunda o, bu ittihamlardan bəraət alıb  və “Mançester Siti”yə qarşı iddia qaldırıb. Çərşənbə günü, noyabrın 6-da futbolçunun keçmiş klubuna qarşı məhkəmədə qalib gəldiyi məlum olub. İndi “şəhərlilər” ona 8,5 milyon funt-sterlinq ödəməlidirlər.

Aut.az