Ançelotti “Real”dakı yubiley oyunundan danışdı: Bu, xüsusi bir şeydir
Bu gün İspaniya La Liqasının 7-ci turu çərçivəsində Madrid “Real”ı “Santyaqo Bernabeu” stadionunda “Alaves”i qəbul edəcək.
Aut.az xəbər verir ki, bu görüş Karlo Ançelottinin Madrid klubunun baş məşqçisi kimi 300-cü oyunu olacaq. İtalyan mütəxəssis bununla bağlı təəssüratlarını bölüşüb:
“Gələcəyimi heç düşünmürəm, bu işi sevirəm. Böyük klubları çalışdırmaq mənə qismət olub və indi dünyanın ən yaxşı komandasıdna 300-cü oyunumu qeyd edirəm. O məşq skamyasında olmaq, bunu 300 dəfə etmək xüsusi bir şeydir. Bu, tam olaraq möcüzə deyil, amma demək olar ki, möcüzədir.
Təbii ki, mənim yorğunluğumu futbolçuların yorğunluğu ilə müqayisə etmək olmaz. Təzyiq, məsuliyyət var, amma xoşuma gəlir. Hazırda son müddətim olduğunu düşünmürəm, uzun illər burada qalmaq istərdim”.
Qeyd edək ki, 65 yaşlı italyan “Real”ın tarixində 300 matça çatan ikinci baş məşqçi olacaq. Rekordçu Migel Munyosdur – 605 oyun.
Aut.az
