Tramp Uayta qalmaqallı ideya verib: Miqrantlardan ibarət liqa yarat
ABŞ-ın keçmiş prezidenti Donald Tramp UFC-nin rəhbəri Dana Uayta miqrantlar arasında döyüşlər liqası yaratmağı təklif edib.
Aut.az xəbər verir ki, Trampın sözlərini “Spotskeeda” sitat gətirib.
“Dana əfsanədir, heyrətamiz insandır. Mən ona dedim: “Dana, niyə miqrant döyüşçüləri üçün bir liqa yaratmırsan? Sizin öz liqanız olacaq və onun çempionu miqrantların çempionu ilə mübarizə aparacaq. Düşünürəm ki, miqrantların çempionu qalib gələr. Bu uşaqlar çox dözümlüdürlər. Bu ideya onun xoşuna gəlmədi”, – deyə Tramp bildirib.
Uayt Trampla belə bir söhbət etdiyini təsdiqləsə də, təklifi zarafat adlandırıb.
“Bu zarafatdır. Baxmayaraq ki, internetdə bunun geniş müzakirə olunduğunu görmüşəm. Bəli, o, bu barədə danışdı”, – Uayt mətbuat konfransında bildirib.
Tramp, “Amerikanın qanını zəhərləyən” hesab etdiyi qeyri-qanuni mühacirlərə qarşı bəyanatları ilə tanınır.
Aut.az
