Ermənistanda qalmaqal: “Pyunik”ə ÇL-də oynamağa stadion vermirlər
Ermənistan futbolunda yerli futbol federasiyası ilə “Pyunik” klubu arasında qalmaqal yaşanır.
Aut.az xəbər verir ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iştirak edəcək Ermənistanın 16 qat çempionu növbəti dəfə avrokuboklarda oyunların keçirilməsi üçün ölkədə arena seçmək problemi ilə üzləşib. Buna görə də klub rəqiblərini Gürcüstanda qəbul etmək istəyir.
Ötən il Ermənistan Futbol Federasiyası İrəvan təmsilçisinin Avropa oyunlarını respublika stadionunda keçirmək imkanından məhrum edib. Klub Konfrans Liqasının ikinci təsnifat mərhələsinin İsveçin “Kalmar” komandası ilə oyununu 3000 tamaşaçı tutumlu Abovyan şəhərində keçirməyə məcbur olub.
Oxşar hekayə bu il də baş verib . Ölkə Futbol Federasiyası əvvəlcə “Pyunik”ə ev oyunlarını keçirmək və Ermənistan çempionatına hazırlaşmaq üçün stadion verməkdən imtina edib. Nəticədə “Pyunik” rəqiblərini yeniyetmələr üçün süni örtüklü stadionda qəbul etməyə məcbur olub.
Avrokubok oyunları üçün kluba əsas və ehtiyat arena kimi Gümrü (2300 tamaşaçı) və Armavirdəki (1800) stadionlar təklif olunub. Buna cavab olaraq İrəvan klubu UEFA-ya ilkin ərizə göndərib və orada əsas stadion kimi Tbilisi “Dinamo”sunun arenasını göstərib. Bu da öz növbəsində UEFA-da anlaşılmazlığa səbəb olub. Qurum tərəfləri konstruktiv dialoqa çağırıb.
FFA və Pyunik rəhbərləri respublika stadionunun icarəsi ilə bağlı yenidən danışıqlara başlayıb, lakin federasiya rəsmilərinin irəli sürdüyü şərtlər kluba uyğun gəlməyib. Federasiya stadionu icarəyə verməyə hazırdır, lakin məşq meydançalarını verməkdən imtina edir. Bundan əlavə, klub hüquqşünaslarının fikrincə, müqavilənin bəzi bəndləri ölkə qanunlarına ziddir. Buna görə də “Pyunik” üçün Tbilisidəki “Dinamo” stadionu hazırda yeganə real variant olaraq qalır.
Aut.az
