“Çelsi” və “Siti” Premyer Liqadan kənarlaşdırıla bilər
“Çelsi” və “Mançester Siti” Premyer Liqadan kənarlaşdırıla bilərlər.
Aut.az xəbər verir ki, İngiltərə nəhəngləri maliyyə feyr-pleyi qaydalarını pozduğu iddia edilir. Bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin sözlərinə görə, müstəqil komissiya 2024-cü ilin payızında “Çelsi”nin işini araşdırmağa başlayacaq. Hələlik kluba qarşı ittiham irəli sürülməyib. Lakin ötən yay Roman Abramoviçin rəhbərliyi altında törədilən maliyyə pozuntuları aşkarlanıb. Bu zaman agentlərə ödənişlər klubun mühasibat registrlərinə daxil edilməyən hesablardan həyata keçirilib.
“Mançester Siti”yə gəlincə, hələ 2023-cü ilin fevralında kluba qarşı maliyyə feyr-pley qaydalarını pozmaqla bağlı 115 ittiham irəli sürülüb.
Qanun pozuntularının miqyasını nəzərə alaraq, klublar Premyer Liqadan kənarlaşdırılma kimi sanksiyaya məruz qala bilər.
Xatırladaq ki, daha əvvəl Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə “Nottingem Forest”in 4 xalı silinib.
