Zinəddin Zidan yenidən “Santyaqo Bernabeu”da oynayacaq.
Aut.az xəbər verir ki, sabiq yarımmüdafiəçi əfsanələrin xeyriyyə oyununda iştirak edəcək.
51 yaşlı mütəxəssis martın 23-də “Real”ın və “Porto”nun əfsanələri arasında keçiriləcək xeyriyyə matçında meydana çıxacaq. Tədbirdə Roberto Karlos, İker Kasilyas, Bruno Alves və Xose Bosinqvanın da iştirak edəcəyi dəqiqləşib. Digər iştirakçıların adı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, futbolçu karyerası ərzində Zizu 5 il Madrid klubunda çıxış edib. Bu müddət ərzində o, komanda ilə İspaniya çempionluğunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və iki ölkə Superkubokunu qazanıb.
Zidan daha sonra “Real”a məşqçi kimi qayıdıb. 2016-2018-ci illərdə o, komandanı ardıcıl üç Çempionlar Liqasının qalibi edib. 2021-ci ilin iyununda fransız ikinci dəfə çalışdırdığı komandadan ayrılıb. O vaxtdan bəri işsizdir.