Samir Abasov: “Rəqibdən daha çox futbolçularım əsəblərimlə oynadı”
Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən “Sumqayıt” – “Karvan” oyunundan (3:1) sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Futbolçularımı və rəqibi təbrik edirəm. “Karvan”dan xoşum gəldi. Sevindirici haldır ki, oyunu zədəsiz başa vurduq. İkincisi, komandam panikaya düşmədi və istədiyimizi yerinə yetirdilər. Son oyunöncəsi əhvalımızın korlanmasına icazə vermədilər.
– Rəqib sanki əsəblərinizlə oynaya bildi…
– Rəqibdən daha çox futbolçularım əsəblərimlə oynadı. Oyunu erkən bitirə bilərdik. Bəzi epizodlara ürəklə yanaşsaydılar, narahatçılıq olmazdı. Rəqib sona qədər eyni oyunu oynadı. Aşağı liqa klublarının belə oyunu normaldır. “Karvan” xoşuma gəldi. Bəzi oyunçuların boş oynamağı əsəbləşdirdi. Əsas olan qələbə qazanmaq idi.
– Müdafiədə texniki səhvlər çox idi. Bu, arxayınlıqla bağlı idi, ya Elvin Bədəlovun zədədən yeni qayıtması ilə?
– Bəzi oyunçularda arxayınlıq var idi. Bu gün Elvin Bədəlovu oynatmağı düşünmürdük. Lakin İsa Suliman yenidən zədələndi və durum ciddiyə bənzəyir. Elvini məşq xarakterli oyuna buraxacaqdıq. İsanın zədələnməsi planlarımızı pozdu.
– Kubokun belə sistemdə (34 komandalı) keçirilməsinə münasibətiniz necədir?
– Ən acı çəkən bizim komanda olub. Gətirdiyimiz legioneri I mərhələdə – “Lerik”lə oyunda itirdik. Belə komandalar oynamalıdır, amma azından ehtiyatlı olmaq lazımdır. Çətin məsələdir, biz “Lerik”lə düşmüşdük. Yaxşı olardı ki, oranın şəraiti olardı, biz də orada oynayırdıq. Belə halda, rayon komandasının önəmi olmur. Bu şeylər düzəlsə, daha yaxşı olar. “Lerik”lə səfərdə oynasaydıq, stadion tam dolardı. Bu, fanatlar üçün də yaxşıdır. Bu gün I Liqa klubu ilə oynadıq. Rahat qələbə qazandıq? Xeyr. Demək olar, iki tərəfdə qol epizodları yaratdı. Əvvəlcə şəraiti düzəltmək lazımdır. Bununçün də vaxta ehtiyac var. İstərdim ki, şərait yaxşı olsun.
