Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Zirə” – “Turan Tovuz” oyunundan (2:1) sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.
Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Futbolçularımı təbrik edirəm, vacib qələbə qazandıq. İlk dəqiqələrdə gözlənilməz qol buraxdıq. Müdafiədə tapşırıqlarımız var idi, amma oyunçular Ayxan Hüseynovu buraxdılar. Bundan sonra irəli atıldıq və iki qol vurduq. Şükürlər olsun, çətin məqamda son dəqiqələrdə qol vurub, vacib qələbə qazandıq.
– Paxtmana ümidləriniz böyükdür. Tez-tez zədələnsə də, bu gün vacib anda qol vurdu…
– Təəssüf ki, yenə zədələnmişdi. Oynamağı ilə bağlı problemlər var idi. Ehtiyac oldu və meydana buraxdıq, qol vurdu. Zədəsinin təkrarlanmasından qorxurdu. Komandaya fayda verən oyunçudur, etimadlarımızı doğruldur. Ona da təşəkkür edirəm, fədakarlıq etdi. Nə qədər ki, sağlamdır, ona ehtiyacımız var.
– Final yolu sizinçün daha asan görünür…
-Belə baxmayaq. Fikir verin, çempionatın 3 favoriti bir tərəfdədir. Asan görünmür, təhlükəsi var. Ötən il biz 4-cü olsaydıq, yenə Konfrans Liqasına gedə bilmirdik, çünki kuboku “Qəbələ” qazandı. Bizim final yolumuzda da ağır rəqiblər var. Hər komanda üçün çətindir. İndi bütün diqqətimiz çempionat oyunundadır. Buna qədər ancaq “Turan Tovuz” haqda fikirləşirdik. Düşünmürdük ki, Premyer Liqada növbəti rəqib “Qarabağ”dır.
– Əlavə vaxtı düşünürdüz?
– Oyundan əvvəl düşünmüşdük, amma oyunun axarı elə oldu ki, bunu fikirləşmədik. Əvəzetmələrdə də oyunu düşünürdük. Şükürlər olsun, qollar vurduq və əlavə vaxta ehtiyac olmadı.
– Hədəflərinizdə dəyişiklik var?
– Xeyr, istəyirik ki, kubokda və çempionatda irəli getməkdir. Qarşımıza qoyulan məqsəd “4-lük”də yer almaqdır. Heç bir oyun rahat keçmir, ona görə, əvvəldən proqnoz vermək olmur. Həm Avropa Liqası, həm də Konfrans Liqası üçün mübarizə aparacağıq.
– Çempionatda bu rəqibə məğlub olmuşduz. Revanş hissi var idimi?
– Revanş hissi yox idi. Sadəcə bizim üçün 1/8 final çox vacib idi. Bugünkü matç “Qarabağ”la oyundan daha önəmli idi. Kubok yolu bizimçün vacibdir. Futbolçular da bunu başa düşürdü. 4-cü yerin Konfrans Liqasına getməsi kubokda xüsusi rol oynayacaq. “Sabah”, “Neftçi” və “Qarabağ” eyni yoldadır. Bunlardan birinin finala çıxması və çempionatı üçlükdə bitirmələri Konfrans yolunu çətinə sala bilər. Hər ehtimalı düşünməliyik. İkinci yeri də, üçüncünü də düşünməliyik. Bu günə necə hazırlaşmışdıqsa, digər oyunlara da elə istəklə hazırlaşacağıq.