Senator sərsəmlədi: “Qızıl top” alınsın, vətəndaşlıqdan məhrum edilsin
Senator Valeri Boyer “Müsəlman Qardaşlar” təşkilatı ilə əlaqədə ittiham olunduğu üçün Kərim Benzemanın Fransa vətəndaşlığından məhrum edilməsini tələb edib.
Aut.az xəbər verir ki, daha əvvəl Fransanın daxili işlər naziri Cerald Darmanin “Qızıl top”un qalibini “Müsəlman Qardaşlar”la əlaqədə olmaqda ittiham etmişdi. Bundan əvvəl Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu İsraillə hərbi münaqişə fonunda Fələstin xalqına dəstəyini ifadə edib.
Boyer terror təşkilatı ilə əlaqəsi təsdiqlənərsə, Benzemanın vətəndaşlıqdan məhrum edilməsini istəyib.
“Beynəlxalq səviyyədə tanınan ikili vətəndaşlığı olan bir fransızın (Benzema Əlcəzair vətəndaşlığına da malikdir) ölkəmizi biabır edə və hətta xəyanət edə bilməsini qəbul etmək olmaz.
Ölkəmizi daim təhdid edənlərə qarşı təcili tədbir görülməsinə ehtiyac var”, – Boyer açıqlamasında yazıb.
Siyasətçi həmçinin 35 yaşlı Benzemanın 2022-ci ilin ən yaxşı futbolçusu kimi aldığı “Qızıl top”dan məhrum edilməsini də təklif edib.
Aut.az
