Dünya futbolu

Qvardiola Özilin “Barsa”ya keçməsinə necə mane olub?

“Real”ın sabiq yarımmüdafiəçisi Məsut Özil 2010-cu ildə “Barselona”ya keçə bilərmiş.

Aut.az xəbər verir ki, Məsut bu haqda “Oyunun sehri” adlı avtobioqrafik kitabında yazıb. Futbolçu qeyd edib ki, Xosep Qvardiolanın qəribə davranışı bu keçidə mane olub:

“Əvvəllər mən özüm də “Barselona”ya getmək istəyirdim. Buna əmin idim. O vaxt dünyanın heç bir komandası “Barsa”dan gözəl futbol oynamırdı.

Amma Qvardiolanın yoxluğu məni şübhələndirdi. Agentimlə Barselonaya gedəndə ondan təkrar-təkrar soruşurdum: “Niyə məşqçi yox idi?” Onun cavabı isə həmişə eyni olurdu: “O, məzuniyyətdə idi”.

Sonrakı günlərdə də Qvardiola mənə zəng etmədi. Mesaj da yazmadı. Məni istədiyinə dair heç bir siqnal göndərmədi. Bundan sonra “Barselona”da oynamaq həvəsim azaldı.

Qvardiolanın davranışına görə “Barselona”ya getmək istəmədim. Xüsusən də o vaxt Mourinyo mənim üçün mübarizə aparırdı. O, çox səmimi idi, çox çalışdı. Mourinyo Qvardiolanın tam əksi idi. Ona görə də Joze Mourinyonu və “Real”ı seçdim”.

 

Özil “Real”da 3 möhtəşəm mövsüm keçirib. O, 159 oyunda 27 qol vurub və 80 məhsuldar ötürmə edib. “Real”ın heyətində La Liqanın qalibi olub, İspaniya kuboku və İspaniya Superkubokunu qazanıb.

 

Aut.az