Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Öncə “Qarabağ”ı təbrik edirəm. Ardıcıl 10-cu dəfə avrokuboklarda qruplara qaldılar. Düşünürəm ki, bu il uğurlu olacaq və qrupdan çıxacaqlar. Bu gün güclü rəqibə qarşı mübarizə apardıq. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Əks-hücumları düşünürdük. “Qarabağ” kimi komandaya qarşı geridönüş etmək çətindir. Bu gün bunu bacardıq. Futbolçularıma təşəkkür edirəm, ritmi pozmadılar. Yaxşı oyunla qələbə qazandıq, təsadüf deyil.
– Rəqib baş məşqçi Qurban Qurbanov futbolçularınızın vaxt aparmasından narazı olduğunu bildirdi…
– Razıyam, mən də belə deyərdim. Heç kim uduzmaq istəmir. Bunlar futbolun bir hissəsidir. Mən də vaxt aparmağın tərəfdarı deyiləm, amma futbol belədir. Təzyiq altında qalmışdıq və fasilə verməli idik. Bunlar tapşırığım deyildi, futbolçularım etdi.
– Qarşıda fasilə var. Bu vaxt komandaya necə təsir edəcək?
– Əlbəttə, ardıcı qələbələrdən sonra fasilənin yaranması bir az ritmi pozacaq. Bu, bütün komandalara təsir edəcək.
– Ötən mövsümün sonunda dediz ki, iddialı komanda görəcəksiz. Həmin “Səbail” budur?
– Bu gün 11 nəfərdən 9-u yenidir. Komandanın özünü tapması üçün çalışırıq. Addım-addım gedirik. Oynadığımız 5 matçda heç bir rəqibə oyun planında məğlub olmadıq. Vaxt keçdikcə, daha yaxşı “Səbail” olacaq.
– Bu gün Cabir və Luqasi ehtiyatda başladı. Bu, nə ilə bağlı idi?
– “Qarabağ”ın yarımmüdafiəsi güclü idi və bizə bu gün aqressiv oyunçular lazım idi. Ona görə rotasiyalar etdik. Məşqlərdə baxırıq və kim daha yaxşı hazırdısa, ondan istifadə edirik. Dəyişikliklər “Qarabağ”a görə idi. Başqa rəqib olsaydı, yəqin, ötən turun qalib heyətini saxlayardıq.
– Ağabala Ramazanov bu mövsüm sağ cinahda daha çox oynayır.
– Mateus Silva sürətli idi və Qomisin onu keçməyi çətin olacaqdı. Buna görə müəyyən mövqe dəyişikliklərinə də ehtiyac duyduq.
– “Neftçi” ilə oyundan sonra hakimlərin “Səbail”ə münasibətindən narazılıq etmişdiz. İndi vəziyyət necədir?
– Həmin görüşdə mübahisəli epizodlar var idi. Futbol emosiyalar oyunudur. Kiçik səhvlər olur, mən böyük səhvlər haqda danışıram.
– Ramallinqom dubl etdikdən sonra əvəzləndi. Hazırkı çıxışı onun maksimumudur?
– Bütün futbolçular mənim üçün doğmadır. Ramallinqom əvvəl qol vura bilmirdi və ona demişdim ki, sənə inanıram, qollar vuracaqsan. O, yüksək səviyyəli hücumçudur. Sözünü bundan sonra deyəcək.
– “Qarabağ” qələbəsinə görə mükafat olacaq?
– Bu komandanın rəhbərliyi heç vaxt bonus məsələsində bizi incitməyib. Bizə fərqi yoxdur, qələbənin mükafatı üç xaldır. Vacib olan da budur. Futbolçular da çəkdikləri əməyə görə bonus alırlar və bu, sıradan bir şeydir.
– Qarşıdan millinin oyunları gəlir. Nələr gözləyirsiz?
– Yaxşı heyətimiz var. Avrokubok təcrübəsi olan futbolçular çoxdur. Belçikaya qarşı oyun çətin olacaq. Amma futboldur, hər şey mümkündür. Çempionata baxın, rəqabət artıb. Futbol elədir ki, meydana çıxıb bütün gücünü qoymalısan. Düzdür, Belçika bizdən üstündür, amma oynamaq olar.