“Barsa”nın Qırğızıstanda möhtəşəm layihəsi – FOTOLAR
“Barselona”nın prezidenti Xuan Laporta Qırğızıstanın paytaxtı Bişkekə səfər edib. Məqsəd bu ölkədəki yeni klub akademiyasının açılışında şəxsən iştirak etməkdir. O, buna görə 11 saatlıq uçuş həyata keçirib.
Kataloniya klubu Orta Asiya ölkəsində eyni anda daha iki məktəb açacaq. İkincisi də Qırğızıstanda, daha doğrusu, Özbəkistanla sərhəddən çox da uzaq olmayan Cəlal-Abadda yerləşəcək.
“Barsa” prezidenti ilə birlikdə Qırğızstana ulduz futbolçular da yollanıb: Karles Puyol, Edqar Davids, Ludovik Jüli, Rivaldo, Ronaldinyo və başqaları. Onların hamısı Asiya əfsanələri ilə yoldaşlıq matçı keçirmək üçün Laporta ilə Bişkekə uçublar.

Bununla “Barselona”nın Asiyadakı akademiyalarının sayı 10-u ötüb. Klubun artıq Yaponiyada 5, Hindistanda 4 və Sinqapurda 1 futbol məktəbi var.
Qırğızıstandakı kompleks 10.000 nəfərlik tamaşaçı tutumuna malik stadion, park, otel, biznes mərkəzi və akademiyandan ibarət olacaq.


