Danışılmış oyun: Prezident həbs edildi
Futbolda potensial danışılmış oyunları aşkar edə bilən texnologiyalardan artan istifadə bütün dünyada bu sahə üzrə ciddi problemləri üzə çıxarıb.
Aut.az xəbər verir ki, bunlardan sonuncusu İspaniyada baş verib. Futbolçuların və hətta bir komandanın prezidentinin də daxil olduğu böyük danışılmış oyunlar şəbəkəsi aşkar edilib.
İspaniya milli polisi Melillada 11, Qranadada isə 6 nəfəri futbol oyunlarının tənzimləməsi ilə məşğul olan cinayətkar təşkilata üzv olmaqda şübhəli bilərək həbs edib. Əməliyyat “Europol”, İspaniya Kral Futbol Federasiyası (RFEF) və La Liqa ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
İstintaq diqqətləri üçüncü divizion komandası olan “Huracan Melilya” üzərində cəmləyib. Klub ilə əlaqəli onlarla şəxs korrupsiya, fırıldaqçılıq, çirkli pulların yuyulması və saxtakarlıqda ittiham olunur. İstintaq bu ilin fevralında İspaniyanın qumar oyunlarının tənzimləyici orqanı olan Qumar Oyunlarının Tənzimlənməsi üzrə Baş Müdirliyinin sayəsində başlayıb.
Təşkilat müxtəlif onlayn bukmeker kontorlarından bu barədə xəbərdarlıq alıb və polisə məlumat verilib. Gələn informasiyalar əsasən, “Huracan Melilya”nın oyunlarının nəticələri ilə bağlı şübhələr formalaşıb. Bundan sonra addımlar atılmağa başlanılıb.
Məlumat daxil olduqdan araşdırma aparılıb. Nəticədə polis böyük cinayət şəbəkəsini müəyyən edə bilib. Belə nəticəyə gəlinib ki, komandanın prezidenti Felipe Heredia etibar etdiyi komanda oyunçularından istifadə edərək, danışılmış oyunları idarə edib. Futbolçular mərc etmək üçün onlara yaxın üçüncü şəxslərdən istifadə ediblər.
Hələlik dövlət orqanları qruplaşmanın törətdiyi cinayətlər nəticəsində nə qədər vəsait əldə edildiyini hesablaya bilməyib. Yeddi futbol matçının təhqiqatı hələ də davam edir. Bu o deməkdir ki, daha çox həbslər ola bilər.
Bu, “Huracan Melilya”nın danışılmış oyunlarla bağlı üzləşdi ilk durum deyil. 2021-ci ildə Kral Kubokunda 0:8 hesablı məğlubiyyətdən sonra bu barədə şübhələr yaranıb.
