Dzekodan “Fənərbağça”nı şoka salacaq qərar
“Fənərbağça”nın bir neçə futbolçusu “Neftçi”nin də qatılacağı Sankt-Peterburqdakı “PARI Premyer” turnirində iştirakdan imtina edib.
Aut.az xəbər verir ki, futbolçuların adları tam bəlli olmasa da, onlar arasında klubunun yeni transferi Edin Dzeko da var. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bosniya və herseqovinalı hücumçu buna səbəb kimi, Rusiyanın Ukraynaya etdiyi hərbi hücumunu göstərib. Ukraynanı dəstəklədiyini bildirən 37 yaşlı forvard “Srvena Zvezda” (Serbiya), “Zenit” (Rusiya) və “Neftçi” ilə görüşlərdə komandasının heyətində yer almayacaq.
2022-ci ilin noyabrında Bosniya və Herseqovina millisi Rusiya yığması ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırsa da, Dzeko başda olmaqla, bir neçə oyunçunun imtinası səbəbindən oyun baş tutmamışdı.
Qeyd edək ki, “Fənərbağça” ilə “Neftçi” arasında qarşılaşma iyulun 15-də keçiriləcək.
