Onlara qarşı üsyan başlayır
Səudiyyə Ərəbistanın futbola yatırdığı böyük pullar Avropada birmənalı qarşılanmır.
Aut.az xəbər verir ki, xüsusilə gənc oyunçuların sözügedən ölkələrə yollanması ictimaiyyət tərəfindən tənqid edilir. İngiltərə millisinin sabiq üzvlərindən olan Piter Krauç onların bu addımlarını doğru hesab etmir:
“Ruben Neves kimi futbolçunun 26 yaşında Səudiyyə Ərəbistanına üz tutmasını başa düşmürəm. Onu “Barselona” kimi klubda böyük karyera gözləyirdi. Kriştiano Ronaldo və Kərim Benzemanı başa düşürəm, onlar artıq hər şeyə nail olublar. Karyeranı bitirməzdən əvvəl yaxşı pul qazanmaq üçün son imkanlarıdır. Futbolda istədiklərini artıq əldə ediblər. Ancaq 25-26 yaşlı futbolçuların uğur qazanmaq üçün hələ fürsətləri var. Söhbət xatirələr və mirasdan gedir. Onlar Avropada da yaxşı pul qazana bilərdilər”.
Qeyd edək ki, son mövsümə qədər “Vulverhempton”da oynayan Ruben Neves “Barselona” başda olmaqla bir sır Avropa klublarının transfer hədəfində olsa da, Səudiyyə Ərəbistanından gələn yüksək məvacibli təklifi seçib. Bundan sonra İngiltərədə və köhnə qitədə həyəcan təbili çalınmağa başlanılıb. Futbol ictimaiyyəti ərəblərin futbolda yaratdığı vəziyyətdən narahatlığını ifadə edirlər.

