Çırıq corablı milyonçular: Dəb, yoxsa… – FOTOLAR
Futbolçular arasında son zamanlar geniş yayılan hərəkətlərdən biri də getrlərin modifikasiya edilməsidir. Yəqin ki, bəzi oyunçuların dəlikli corablarla çıxış etdiyini görmüsünüz. Məsələn, Cud Bellinqem, Kayl Uolker, Denni Rouz, Qaret Beyl və Bukayo Saka. Əsasən, britaniyalı futbolçular bu addımı atırlar.
Bu dəb son 10 ildə geniş yayılmağa başlayıb. Qətərdə keçirilən Dünya çempionatında isə daha geniş vüsət alıb. Futbolçular əllərinə qayçı alıb, hər matçdan əvvəl getrlərində deşiklər açırlar. İngiltərə millisinin sabiq futbolçusu Cermeyn Cenas həmkarlarının niyə belə addım atmasının səbəbini açıqlayıb.

“Tottenhem”in sabiq yarımmüdafiəçisinin sözlərinə görə, bu, funksionallıqla bağlı məsələdir: “Onlar getrlərin çox dar olduğunu düşünürlər. Damarlarda qan dövranını təmin etmək və dartılmaların qarşısını almaq üçün bunu edirlər”.
Futbolçular ağrıya səbəb ola biləcək amilləri – ayaq biləyi nahiyəsindəki təzyiq və gərginliyi aradan qaldırmaq üçün də belə edirlər. Daim zədələrdən əziyyət çəkən Qaret Beyl corablarındakı dəliklərin ona çox kömək etdiyini, bu səbəbdən çox sayda zədədən yayındığını iddia edir.
İdman həkimləri isə bu dəliklərin futbolçuların səhhətinə faydalı olacağına inanmırlar. Onların fikrincə, oyunçular üçün müasir avadanlıqlar var ki, onlar havanın sirkulyasiyasına imkan verir, Bu, zədə və sancıların qarşısını almağa xeyli kömək edir.

Diqqət yetirmisinizsə, futbolçular getrlərin altını kəsməyi və başqa corab geyinib, lentlə bağlamağı da xoşlayırlar. Rusiyalı hücumçu Fyodor Smolov bu üsuldan istifadənin müsbət tərəfləri barədə danışıb:
“Mən həmişə getrlərin altını kəsirəm və ayağıma qalın pambıq corab geyinirəm. Bu vəziyyətdə ayağı daha rahat hiss edirəm. Ayağım butsların içində sürüşmür.”

“Feyenoord”da çıxış edəndə bunu anlamayıblar. Nəticədə Smolov izahat verməli və məşqçilər korpusundan icazə almalı olub:
“Klubda mənim istəyim təəccüb doğurdu. “Xeyr, kəsə bilməzsiniz. Sponsorumuz buna necə reaksiya verəcək? Birdən-birə qalanlar da bunu etməyə başlayacaqlar” dedilər. Görünür, hollandlar mənə nəyin lazım olduğunu tam başa düşməmişdilər. Amma agentim onlara zəng etdi və xoşbəxtlikdən hər şeyə razılaşdılar. Kəsilməmiş corablarla oynamaq mənim üçün çox rahat deyil”. (Publika.az)
