Messidən növbəti rekordlar: Ronaldonu qabaqladı
PSJ-nin futbolçusu Lionel Messi yeni uğurlara imza atıb.
Aut.az xəbər verir ki, o, ən çox titul qazanmaq üzrə dünya rekordunu təkrarlayıb. Onun komandası ötən gecə Fransa çempionluğunu rəsmiləşdirib. Nəticədə 35 yaşlı hücumçu karyerasında 43-cü titulu əldə edib. Bu göstəricidə Messi “Barselona”dakı sabiq komanda yoldaşı, hazırda həbsdə olan Dani Alveşin rekordunu təkrarlayıb.
Messinin PSJ-də 2 Fransa çempionluğu və Superkuboku qazanıb. O, “Barselona”nın heyətində 10 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının, 8 dəfə İspaniya Superkubokunun, 7 dəfə İspaniya kubokunun, 3 dəfə klublararası dünya çempionatının və 3 dəfə də Avropa Superkubokunun qalibi olub. Forvard Argentina millisinin heyətində isə dünya çempionluğunu, Cənubi Amerika kubokunu, Yay Olimpiya Oyunlarını, “Finalissima”nı və gənclər arasında dünya çempionluğunu qazanıb.
Messi Avropanın “top-5” liqalarda vurduğu qolların sayına görə də yeni uğura imza atıb. O, hazırda “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldonu qabaqlayıb. Messi Fransa çempionatının 37-ci turunun “Strasburq”la matçında fərqlənməklə “top-5” liqalarda 496-cı qolunu vurub. Ronaldonun aktivində 495 qol var.
