“Real”ın sabiq baş məşqçisi Fabio Kapello Karlo Ançelottiyə Braziliya millisinin təklifini dəyərləndirməyi məsləhət görüb.
Aut.az xəbər verir ki, təcrübəli mütəxəssis “Sky Sports”a açıqlamasında belə deyib:
“Bu, “Real” üçün çox böyük hesabdır. Bəlkə də Ançelotti indi Braziliya yığmasının təklifi haqqında düşünür. İndiki məqamda bunu dəyərləndirmək lazımdır. Çünki hazırda “Real”dan daha güclü komandalar var. Əgər karyeranı dünya çempionatı səviyyəsində yarışda qələbə ilə başa vurmaq istəyirsənsə, bu şansdır”.
Karlo Ançelotti isə oyundan sonra keçirilən mətbuat konfransında “Real”da qalacağına işarə vurub:
“Növbəti mövsümdə də burada olacağam və UEFA Çempionlar Liqası iddiamıza davam edəcəyik.”
Qeyd edək ki, “Real” 63 yaşlı mütəxəssisin rəhbərliyi ilə bu mövsüm 57 oyun keçirib. Onlardan 38-də qələbə qazanan Madrid təmsilçisi 11 matçda məğlub olub. 8 oyunda isə heç-heçə qeydə alınıb. 122 qol vuran “kral klubu”, 58 dəfə mərkəzə dəvət edilib. Komanda cari mövsümdə UEFA Superkubokunun, Klublararası Dünya Çempionatının və İspaniya Kral Kubokunun qalibi olub. La Liqa 2-ci sıra uğrunda mübarizə aparan “Real” UEFA Çempionlar Liqasıyla yanaşı İspaniya Superkubokunda da uğursuzluğa düçar olub.