KöşəManşet

Messi və Ronaldo getdi, özünüzü təhqir etməyin!

Dünya futbolunu iki yerə bölmüşdü onlar. Futbola baxışı dəyişdilər, rəng, rəqabət, mübarizə, hiss, həyəcan gətirdilər.

İnsanlar sərhəd çəkdilər: bir tərəfdə Messisevərlər, digər tərəfdə Ronaldosevərlər dayandı.

Beləcə, azarkeşlər futboldan zövq aldılar, işbazlar pul qazandılar. Bitdi böyük bir epoxa. Bitdi o həyəcan, o emosiya. Amma futbola sevgi bitməz. Messi və Ronaldo rəqabətinin yaratdığı sevgini deyirəm. Milyonlar bu rəqabətə heyran olub futbolu sevdilər.

Gedirlər onlar. Amma tərəfdarları nə edirlər? Messisevərlər Ronaldonu, Ronaldosevərlər Messini ələ salırlar, təhqir edirlər sosial şəbəkələrdə.

Axı onların rəqabəti kin-küdurət, nifrət qusmurdu. Onların rəqabəti sevinc, hiss, həyəcan, emosiya bəxş edirdi. Bəs tərəfdarları haradan əxz etdilər bu kini?

Messini, Ronaldonu təhqir etmək özünü, futbolu təhqir etməkdir. Onların sayəsində futbola baxış dəyişdi, fərqli düşüncə formalaşdı. Uzun illər bu rəqabətin fonunda nələr yaşanmadı ki…

Onlar gedirlər. Rəqabət bitdi. Qalxın ayağa, alqışlayın Messi və Ronaldonu. O günləri xatırlayın, bir daha həyəcanlanın və… Və dəyərlərə hörmət. Özünüzü və futbolu təhqir etməyin.

Natiq Muxtarlı