Basketbol

Yen mövsümün başlama vaxtı bilindi

Azərbaycan Basketbol Federasiyası (ABF) 2026/27 mövsümü üzrə Azərbaycan Basketbol Liqasının (ABL) yarış formatını, iştirak şərtlərini və əsas normativ dəyişiklikləri açıqlayıb.

Aut.az xəbər verir ki, Yeni mövsümə 2026-cı il oktyabrın 3-də start veriləcək. 8 komanda 3 dövrədən ibarət müntəzəm çempionatda, ümumilikdə 21 tur ərzində mübarizə aparacaq. Müntəzəm mövsüm başa çatdıqdan sonra turnir cədvəlində ilk iki yeri tutan komandalar birbaşa yarımfinala vəsiqə qazanacaqlar. 3, 4, 5 və 6-cı yerləri tutan komandalar isə “Play-In” mərhələsində iştirak edəcəklər.

Yarımfinal və final mərhələləri maksimum beş oyundan ibarət seriya formatında keçiriləcək. Yarımfinal seriyasında ən tez üç qələbə qazanan komanda finala yüksələcək. Final seriyasında da ən tez üç qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının çempionu elan olunacaq.

Müntəzəm mövsümü 7-ci və 8-ci pillələrdə başa vuran komandalar isə daha yüksək pillədə qərarlaşmış klubun meydanında keçiriləcək “Play-Out” oyununda qarşılaşacaqlar. Qalib komanda növbəti mövsüm üçün ABL-də iştirak hüququnu qoruyacaq.

2025/2026 mövsümünün yekununa əsasən, yeni mövsümdə “Sabah”, “Landau Lions”, “Gəncə”, “Neftçi” İK, “Şəki”, “Naxçıvan”, “Ordu” və NTD klubları iştirak hüququ qazanıblar. Bu komandalardan hər hansı biri iştirak üçün tələb olunan sənədləri təqdim etmədiyi və ya ABL Əsasnaməsində (2026/2027) müəyyən edilmiş inzibati və idman tələblərinə cavab vermədiyi halda, ABF ötən mövsümü 9–12-ci yerlərdə başa vurmuş klublar arasında dəvət prosesinə başlayacaq.

Yeni mövsümdə də ABL oyunları əvvəlki mövsümdə olduğu kimi “4+1” qaydası ilə keçiriləcək. Hər bir komanda oyun ərzində meydanda eyni vaxtda ən azı 1 yerli basketbolçunun iştirakını təmin etməlidir. Bununla yanaşı, ABL-də iştirak edən hər bir klub mövsüm başlamazdan əvvəl ABF-də ən azı 5 yerli basketbolçunu qeydiyyatdan keçirməlidir.