Basketbol

Azərbaycan təmsilçisi İspaniya millisi ilə üz-üzə

İspaniyanın Kaseres şəhərində keçirilən qadınlar arasında 3×3 basketbol üzrə Dünya Seriyasının 13-cü mərhələsinə yekun vurulur. 

Aut.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən “Neftçi SOCAR” komandası da bu gün növbəti matça çıxır.

Erika Karter, Aoi Katsura, Aleksandra Mollenhauer və Nevena Vuçkovicdən formalaşan milli 1/4 final oyununda İspaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Cütlüyün qalibi yarımfinalda Litva-Latviya cütlüyünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl A qrupunda iki oyun keçirən “ağ-qaralar” İspaniyanın “Madrid” klubunu (11:17) və Xorvatiya millisini (21:12) üstələyib.

Xatırladaq ki, “Neftçi SOCAR” Dünya Seriyasının iki mərhələsində – Orlean və Marseldə qalib olub.

İndiyə qədər baş tutan 12 mərhələnin nəticələrinə əsasən, təmsilçimiz ümumi sıralamada 2-ci yerdədir (352 xal).