“Zirə”nin darmadağını Azərbaycanın qazancını artırdı
UEFA ötən gün Çempionlar Liqası və Konfrans Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.
Aut.az xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.
Buna “Sabah”ın ardından, “Zirə”nin də KL-dəki uğurlu startı şərait yaradıb. Gürcüstan “Torpedo Kutaisi”sini evdə 3:0 hesabı ilə darmadağın edən Rəşad Sadıqovun komandası ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib.
Nəticədə cari mövsümdə qazanılan əmsal isə 0.500-ə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 19.062-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Slovakiyanın 18,250 xalı var. Bir pillə öndə – 25-ci yerdə qərarlaşmış İsrailin xal ehtiyatı isə 20,750-dir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.
