Dünya futbolu

Poqba “Monako”dan ayrılır? – Baş direktor eyham vurdu

 “Monako”nun baş direktoru Tiaqo Skuro yarımmüdafiəçi Pol Poqbanın yay transfer pəncərəsində klubdan ayrıla biləcəyini bildirib.

Aut.az xəbər verir ki, Skuro bu barədə çərşənbə günü keçirilən mətbuat konfransında bildirib.

33 yaşlı fransız futbolçunun müqaviləsinin bitməsinə daha bir mövsüm qalıb, lakin onun gələcəyi ilə bağlı qərar fiziki hazırlığından və baş məşqçi Filipe Luisin fikrindən asılı olacaq .

“Bu, çox mürəkkəb bir məsələdir. Biz bu adama böyük hörmətlə yanaşırıq. O, gələndə çox pozitiv idi və gənc oyunçulara kömək etdi. Amma həqiqət budur ki, keçən mövsüm onunla olan layihə özünü doğrultmadı. Biz bunu başlayanda gözləntilərimiz tamamilə fərqli idi. İndi düşünürəm ki, ona qarşı ədalətli olmalıyıq: hər həftə onun hazırlığını izləməli, fiziki və texniki cəhətdən necə inkişaf etdiyini görməliyik. Və sonra ona oyun vaxtı verilib-verilməyəcəyi məşqçinin qərarından asılıdır.

Bu yay Polun səviyyəsini görəcəyik. Onun getməsi mümkündürmü? Bəli, əlbəttə. Onunla münasibətlərimiz həmişə açıq və şəffaf olub. Əgər hər hansı bir məqamda oyunçunun və klubun məqsədləri fərqli olarsa, bir həll yolu tapılmalıdır. Onun meydandakı performansı bütün lazımi cavabları verəcək. Bəlkə də gedəcək, bəlkə də qalacaq”, – deyə “L’Équipe” Skurodan sitat gətirib.

Poqba 2025-ci ilin yayında “Monako”ya qoşulub və karyerasında uzun fasilədən sonra altı oyunda iştirak edib.

Aut.az