“Real” DÇ-2026-dan sonra onunla danışıqları bərpa edəcək
“Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Junior müqaviləsini uzatmayacağı təqdirdə, 2027-ci il yanvarın 1-dən etibarən digər klublarla danışıqlara başlaya bilər.
Aut.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Madrid klubu və futbolçunun nümayəndələri yeni müqavilə ilə bağlı danışıqları DÇ-2026 başa çatdıqdan sonra bərpa etmək barədə razılığa gəliblər. Məqsəd Vinisiusun diqqətini turnirdən yayındırmamaqdır.
Tərəflər arasında əsas fikir ayrılığı maliyyə şərtləri ilə bağlıdır. Hazırkı müqaviləyə əsasən, 25 yaşlı hücumçu mövsümə təxminən 20 milyon avro qazanır. Braziliyalı futbolçunun tərəfi isə maaşın illik 30 milyon avroya yüksəldilməsini istəyir. “Kral klubu”nda isə bu tələbin qəbul edilməsinin çətin olduğu bildirilir.
Vinisius Junior 2025/26 mövsümündə bütün turnirlərdə 53 oyuna çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə edib. “Transfermarkt” portalının məlumatına görə, braziliyalı futbolçunun hazırkı transfer dəyəri 140 milyon avro təşkil edir.
Aut.az
