“Benfika” akademiyasının filial direktoru saxlanıldı: 10 yaşlı uşağın ölümünə görə
Monteneqroda Ukraynanın tələbi ilə “Benfika” futbol akademiyasının Ukrayna filialının keçmiş direktoru Mariya Krivopişina saxlanılıb.
Aut.az xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Ruslan Kravçenko məlumat verib.
Prokurorluğun məlumatına görə, Monteneqro məhkəməsi onun ekstradisiya üçün həbs olunmasını əmr edib. İttihamlar irəli sürüldükdən sonra Krivopişina Ukrayna xaricində idi və beynəlxalq axtarışa verilib. İnterpol “qırmızı bildiriş” verib və iyunun 21-də o, Monteneqroda saxlanılıb.
Hazırda Ukrayna prokurorluğu onun Ukraynaya ekstradisiyası üçün lazımi prosedurları tamamlayır.
Xatırladaq ki, Krivopişina 10 yaşlı Vanya Qonçarukun ölümündə şübhəli bilinir. Faciə 2023-cü ilin avqust ayında Kiyev yaxınlığındakı “Olimpiya Kəndi” futbol akademiyasının düşərgəsində baş verib . Müstəntiqlərin sözlərinə görə, tətil zamanı məşqçi təxminən 9 metr dərinliyindəki göldə uşaqlara üzməyə icazə verib və onları nəzarətsiz qoyub. Üzməyi bacarmayan oğlan boğularaq ölüb.
Aut.az
