Bakıda məşqçilər üçün seminar keçirilib
Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Azərbaycan Voleybol Federasiyası (AVF) və Milli Olimpiya Komitəsinin (MOK) birgə təşkilatçılığı ilə voleybol məşqçiləri üçün “Təhlükəsiz idman – hamı üçün” mövzusunda seminar təşkil olunub.
Aut.az xəbər verir ki, Seminar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatlaşdırılmış MOK-un təhlükəsiz idman üzrə inspektoru Vaqif Əliyev və AVF-nin təhlükəsiz idman üzrə məsul şəxsi, federasiyanın idman şöbəsinin direktoru Şir-Aslan Kərimov tərəfindən aparılıb.
Tədbirdə “Təhlükəsiz idman” təşəbbüsünün mahiyyəti, əsas prinsipləri və tətbiq mexanizmləri barədə təqdimat edilib, iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib. Seminar çərçivəsində təhlükəsiz idman mühitinin formalaşdırılması, risklərin qarşısının alınması və beynəlxalq standartların tətbiqi məsələləri müzakirə olunub.
Olimpiya Həmrəyliyi Fondunun (Olympic Solidarity) dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində təşkil olunan seminarda 15-ə yaxın voleybol məşqçisi iştirak edib.
Qeyd edək ki, təhlükəsiz və sağlam idman mühitinin təşviqi məqsədilə bu cür maarifləndirici seminarların gələcəkdə ölkənin müxtəlif bölgələrində də keçirilməsi nəzərdə tutulur.
