Lempard ilin baş məşqçisi seçildi: Görün kimləri qabaqladı
“Koventri Siti”nin baş məşqçisi Frenk Lempard Məşqçilər Assosiasiyası (League Managers Association) tərəfindən ilin məşqçisi seçilib.
Aut.az xəbər verir ki, bu uğur 47 yaşlı mütəxəssisin həmkarlarının səsverməsində qalib gəlməsinə imkan verib. Lempard “Arsenal”ın baş məşqçisi Mikel Arteta, “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola, “Aston Villa”dan Unai Emeri, “Bornmut”dan Andoni İraola, “Brentford”dan Kit Endryus, “Linkoln”dan Maykl Skubala və “Bromli”dən Endi Vudmanı qabaqlayıb.
Mükafat Aleks Ferqyusonun adını daşıyır. Əfsanəvi mütəxəssis səhhətindəki problemlərə görə mərasimdə iştirak edə bilməyib və mükafatı Lemparda İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel təqdim edib.
Ötən mövsüm “Koventri” Çempionşipin qalibi olub və ən yaxın izləyicisini 11 xal qabaqlayaraq Premyer Liqaya vəsiqə qazanıb. Beləliklə, klub 2000/2001 mövsümündən sonra ilk dəfə İngiltərə Premyer Liqasında çıxış edəcək.
Aprel ayında Lempard Çempionşipdə mövsümün ən yaxşı məşqçisi adına da layiq görülmüşdü.
