Türkiyə

“Fənərbağça”nın ulduzu dələduz dəstəni necə ifşa edib?

“Fənərbağça”nın ulduz futbolçusu Anderson Talişka Braziliyada böyük dələduzluq sxemini üzə çıxarması ilə də gündəmə gəlib.

Aut.az xəbər verir ki, halbuki o, sadəcə xərçəng xəstəsi bir qıza yardım etmək istəyib.

Braziliyalı futbolçu ağır xəstə uşağın müalicəsi üçün 70 min avro köçürməyi planlaşdırıb. Lakin televiziyada göstərilən bank hesabının əslində həmin ailəyə məxsus olmadığı və xəstə qızla heç bir əlaqəsinin olmadığı üzə çıxıb.

Talişka dərhal maliyyə mütəxəssislərini və hüquqşünasları prosesə cəlb edib. Aparılan yoxlamalar nəticəsində böyük dələduzluq şəbəkəsinin fəaliyyət göstərdiyi müəyyənləşib. Hadisə ilə bağlı polisə məlumat verilib.

İstintaq müəyyən edib ki, bu sxemlə artıq 12 ailə aldadılıb. Braziliya mətbuatının məlumatına görə, televiziya üzərindən təşkil olunan ianə kampaniyalarında toplanan təxminən 543 min dolların böyük hissəsi ehtiyacı olanlara çatmayıb.

Bu hadisədən sonra Talişka xeyriyyə aksiyaları ilə bağlı təhlükəsizlik tədbirlərini sərtləşdirib və bütün layihələrini daha etibarlı platformalara köçürüb. Sosial şəbəkələrdə isə onun bu addımı böyük rəğbətlə qarşılanıb.

Aut.az