Avropanın ən böyük ulduzlarından biri karyerasını bitirir
“Barselona”nın çexiyalı mərkəz oyunçusu Yan Veseli 2025/26 mövsümündən sonra karyerasını başa vuracaq.
Aut.az xəbər verir ki, 36 yaşlı idmançı bu barədə “İnstaqram” hesabında məlumat verib .
Avropa basketbolunun ən böyük ulduzlarından biri olan Yan Veseli karyerasına Çexiyada başlayıb və orada “Príbor” və “Snakes Ostrava” klublarında oynayıb. 2007-ci ildə Sloveniyanın “Geoplin Slovan” klubuna keçib.
2008-ci ildən Serbiyanın “Partizan” komandasında oynayıb və 2009/10 mövsümündə Avroliqanın “Dördlər Finalına” vəsiqə qazanıb.
Avropanın ən perspektivli oyunçularından biri kimi o, 2011-ci il NBA draftının ilk raundunda “Vaşinqton” tərəfindən ümumilikdə altıncı seçilib. Daha sonra “Denver Naggets” komandasında oynayıb və 2014-cü ildə Avropaya qayıdıb, “Fənərbağça” ilə müqavilə bağlayıb.
Veseli Türkiyə klubu ilə 2017-ci ildə Avroliqanın qalibi olub və 2018/19 mövsümünün MVP-si seçilib. Çexiyalı basketbolçu üç dəfə (2016, 2018, 2019) Avroliqanın Ulduzlar Komandasına seçilib.
Yan Veseli həmçinin üç dəfə (2012, 2016, 2017) Çexiyanın ən yaxşı basketbolçusu seçilib.
1 iyul 2022-ci ildə Veseli “Barselona” ilə müqavilə imzalayıb.
Aut.az
