Bu klub Slotla danışıqlara başladı
“Ayaks” klubunun rəhbərliyi “Liverpul”un baş məşqçisi Arne Slotla ilkin danışıqlar aparıb.
Aut.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Niderland təmsilçisi 47 yaşlı mütəxəssisin cari mövsümün sonunda “qırmızılar”dan ayrılması halında onu baş məşqçi vəzifəsinə gətirməkdə maraqlıdır. Hələlik Slotun klubdan ayrılması ilə bağlı rəsmi açıqlama verilməyib. Onun komandasını gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazandıra bilməyəcəyi halda, İngiltərə nəhəngininin rəhbərliyinin onunla yolları ayırmaq ehtimalı olduğu bildirilir.
Hazırda “Ayaks”a Oskar Qarsiya rəhbərlik edir. O, əvvəllər klubun gənclər komandasında da çalışıb. Bununla belə, rəhbərlik onun təyinatını müvəqqəti həll kimi dəyərləndirir.
Arne Slotun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. İngiltərə Premyer Liqasında 35 turdan sonra mersisaydlılar 58 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıblar.
Aut.az
