İtaliya

Ulduz futbolçu ilə danışıqlar dayandırıldı

“Yuventus” rəhbərliyi hücumçu Duşan Vlahoviçin yeni müqaviləsi ilə bağlı onun nümayəndələri ilə aparılan danışıqları müvəqqəti dayandırmaq qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Məlumata görə, Turin klubuyla forvard arasında danışıqlar mövsümün sonuna qədər təxirə salınıb. Bu isə o deməkdir ki, serb hücumçu yayda azad agent kimi komandadan ayrıla bilər, çünki onun hazırkı müqaviləsi cari ilin iyununda başa çatır.

Mənbə bildirir ki, bu gedişat Vlahoviçin “Yuventus”dan ayrılmasının qaçılmaz olduğuna işarə edə bilər.

Daha əvvəl qeyd olunmuşdu ki, “qoca sinyora” futbolçu ilə yeni müqavilə imzalamağa çalışır və onun Serie A-dakı ən yüksək xalis maaşı olan 12 milyon avronu təxminən iki dəfə azaldaraq 6 milyon avroya endirməsini istəyir. Görünür, bu təklif futbolçunu qane etməyib.