İspaniya

La Liqa Mayamidə baş tutmayan oyuna görə milyonlar tələb edir: Məhkəmə başladı

İspaniya Milli Məhkəməsində La Liqa ilə İspaniya Futbolçular Assosiasiyası arasında ilk məhkəmə iclası keçirilib.

Aut.az xəbər verir ki, iş liqa oyunlarının ABŞ-da keçirilməsi planına qarşı futbolçuların etiraz aksiyası ilə bağlıdır. Dekabr ayında oyunçular 9-cu turun bütün qarşılaşmalarında ilk 15 saniyə hərəkətsiz qalaraq etirazlarını bildirmişdilər. Bu aksiyalar nəticəsində “Vilyarreal” ilə “Barselona” arasında Mayamidə keçirilməsi planlaşdırılan oyun ləğv edilmişdi.

La Liqa bu koordinasiyalı 15 saniyəlik aksiyanı qeyri-qanuni tətil kimi qiymətləndirib və hüquqi addımlar atıb. Liqa nümayəndələri bildiriblər ki, etiraz nəticəsində 8,7 milyon avro maliyyə ziyan dəyib və turnirin beynəlxalq nüfuzuna ciddi xələl gəlib.

Digər tərəfdən, İspaniya Futbolçular Assosiasiyası bu addımın söz azadlığı çərçivəsində həyata keçirilən dinc etiraz olduğunu vurğulayıb. Onlar maliyyə zərərinin olmadığını qeyd edib və reputasiya itkisi varsa belə, bunun səbəbkarının məhz liqanın özü olduğunu bildiriblər.

Hazırda tərəflər məhkəmənin yekun qərarını gözləyir. Bu qərar işin gələcək taleyini müəyyənləşdirəcək.