Qrizmann Neymarı ötdü
“Atletiko”nun hücumçusu Antuan Qrizmann Çempionlar Liqasının 1/8 final mərhələsində “Tottenhem”ə qarşı keçirilən oyunda (5:2) fərqlənib.
Aut.az xəbər verir ki, Fransalı futbolçu matçın 14-cü dəqiqəsində rəqib qapısına yol taparaq hesabı 2:0-a çatdırıb. Bu qol 34 yaşlı hücumçu üçün Çempionlar Liqasındakı 44-cü dəqiq zərbə olub.
Beləliklə, Qrizmann turnirin bombardirləri siyahısında braziliyalı ulduz Neymarı geridə qoyub. Bununla belə, fransız futbolçu bu nəticəyə daha çox oyun keçirərək nail olub. Onun hesabında 115 matç var, Neymar isə 81 oyunda iştirak edib.
Maraqlıdır ki, Qrizmann Çempionlar Liqasındakı 44 qolundan 40-nı məhz “Atletiko”nun heyətində vurub. Qalan dörd qolu isə o, “Barselona”da çıxış edərkən qeyd aldırıb.
Qeyd edək ki, Neymar karyerası ərzində “Barselona” və PSJ-nin formasını geyinib, hazırda isə Braziliyada “Santos” klubunda çıxış edir.
