Etiraf etdilər: “Real”ın futbolçusu cəzalmalı idi
İspaniya Hakimlər Komitəsi La Liqada keçirilən “Real” – “Xetafe” matçında (0:1) baş verən mübahisəli epizodu təhlil edib.
Aut.az xəbər verir ki, görüşün 24-cü dəqiqəsində Madrid klubunun müdafiəçisi Antonio Rüdiger rəqib futbolçu Dieqo Rikonun üz nahiyəsinə dizlə zərbə endirib. Qarşılaşmanı idarə edən baş hakim epizodu meydanda çoxlu oyunçunun olması səbəbindən görməyib, VAR hakimləri isə vəziyyəti mübahisəli hesab edərək müdaxilə etməyiblər.
Komitənin gəldiyi nəticəyə görə, həmin epizodu top uğrunda mübarizə kimi qiymətləndirmək mümkün deyil. Qurum hadisəni zorakı oyun kimi dəyərləndirib və bildirilib ki, bu halda VAR müdaxilə etməli, Rüdiger isə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmalı idi.
Bununla belə, Hakimlər Komitəsi referilərin səhvini etiraf etsə də, epizodla bağlı Antonio Rüdigerə hər hansı əlavə cəza tətbiq olunmayacaq.
