Dünya çempionu da mərc qaydalarını pozub: Araşdırma başladı
“Aston Villa” nın qapıçısı Martines 2024-cü ilin iyun ayından bəri Argentinanın bukmeker şirkəti “bplay”ın səfiridir.
Aut.az xəbər verir ki, həmin vaxt bukmeker şirkəti futbolçunu brendin siması kimi təqdim etmiş və 2025-ci ilin oktyabr ayında Martines və onun avtoidman yarışmasında iştirak edən qardaşı Alexandronun iştirakı ilə yeni reklam kampaniyasına başlamışdı.
“The Athletic”in məlumatına görə, Futbol Assosiasiyasının (FA) qaydalarına əsasən, futbolçulara idman mərc oyunlarını şəxsən reklam etmək və ya təşviq etmək qadağandır.
Xüsusilə, futbolçunun iştirak etdiyi və ya təsir göstərə biləcəyi matçlara, turnirlərə və yarışlara mərc təklif edən bukmeker kontorlarının təşviqi qadağandır. Bununla belə, “bplay”, “Aston Villa”nın bu mövsüm yarışdığı Premyer Liqa , FA Kuboku və Avropa Liqası yarışlarına mərc təklif edir.
Futbol Assosiasiyası Martinesin vəziyyətindən xəbərdar olduqlarını bildirib. “Aston Villa”, oyunçu və “bplay” şərh verməkdən imtina ediblər.
FA əvvəllər də oxşar hadisələrə görə oyunçuları cəzalandırıb. 2019-cu ildə “Everton”un keçmiş müdafiəçisi Yerri Mina Kolumbiya bukmeker şirkəti “Betjuego”nun reklamında göründüyünə görə 10.000 funt sterlinq cərimələnib və xəbərdarlıq alıb.
Aut.az
