Dünya futbolu

Blatterdən İnfantinoya sərt ittiham: “Günəş kralı”dır

Sabiq FİFA prezidenti Zepp Blatter təşkilat daxilində diktatura olduğunu bildirib.

Aut.az xəbər verir ki, Blatterin sözlərini “Bild” nəşri sitat gətirib.

“İnfantino təşkilatı “Günəş kralı” kimi idarə edir. FİFA-dakı insanlardan eşitmişəm ki, o, qərargahda görünəndə qarşılanmaq istəmir. Onunla birlikdə heç kimin liftə girməsinə icazə verilmir. O, tamamilə təcrid olunub”, – Blatter deyib.

Keçmiş FIFA prezidenti təşkilatın hazırkı idarəetmə sistemini tənqid edib: “Bu diktaturadır! O, yalnız prezidenti İnfantinodan ibarətdir. Təxminən 40 üzvü olan FİFA Şurası heç bir qərar vermir”, – deyə o qeyd edib.

Blatter 1998-ci ildən 2015-ci ilə qədər FİFA prezidenti vəzifəsində çalışıb. İnfantino 2016-cı ildə FİFA prezidenti vəzifəsini icra etməyə başlayıb və hazırda təşkilatın rəhbəri vəzifəsində qalır.

Aut.az