Dünya futbolu

Bütün dünya bu oyundan danışır: Valideynlər kütləvi dava saldılar – VİDEO

Uelsdə baş verən şokedici görüntülər futbol ictimaiyyətində ciddi rezonans doğurub.

Aut.az xəbər verir ki U-14 komandaları olan “Aberkenfiq” və “Trefelin” arasında keçirilən oyun zamanı gənc futbolçuların valideynləri arasında kütləvi dava baş verib.

Hadisə oyunun sonlarına yaxın, yeniyetmə futbolçulardan birinin meydandan qovulmasından sonra yaşanıb. Şahidlərin sözlərinə görə, tribunalardakı gərginlik qısa müddətdə açıq aqressiyaya çevrilib və böyüklər birbaşa meydanın kənarında bir-birinə zərbələr endirməyə başlayıblar.

Münaqişə təxminən 90 saniyə davam edib. Bir neçə nəfər yerə yıxılıb, izdihamdan isə “Bu sadəcə oyundur!” və “Sizin uşaqlarınız buna baxır!” kimi qışqırıqlar eşidilib.

Ən şok məqam isə yeniyetmə futbolçuların özlərinin davaya müdaxilə etməyə və böyükləri ayırmağa məcbur qalması olub. Analardan biri tərəfindən çəkilən video qısa zamanda viral yayılıb, milyondan çox baxış toplayıb və sosial şəbəkələrdə ciddi narazılıq yaradıb.

Matçın hakimi oyunu vaxtından əvvəl dayandırmaq qərarı verib. Hər iki klub hadisəni pisləyib və valideynlərin davranışı ilə bağlı daxili araşdırmaya başlanıldığını açıqlayıb.

Aut.az