“Kəpəz”, “Neftçi” və “Sumqayıt” cərimə olundu
Azərbaycanın üç klubu – “Kəpəz”, “Neftçi” və “Sumqayıt” azarkeşlərinə görə cərimələnib.
Aut.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Premyer Liqanın 20-ci turunda baş tutan “Kəpəz” – “Neftçi” matçında yol verilən qayda pozuntuları hər iki klubun büdcəsinə təsir edib. “Kəpəz”in futbolçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya olunub, klub isə 1000 manat cərimə edilib.
Eyni oyunda “Kəpəz” azarkeşlərinin rəqib ünvanına kütləvi təhqirləri cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub daha 8000 manat cərimələnib. Həmçinin, “Neftçi” də azarkeşlərinin təhqiramiz ifadələrinə görə 8000 manat cərimə olunub.
“Araz-Naxçıvan” – “Sumqayıt” matçında 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibləri 700 manat cərimə edilib. “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq 3 oyunluq cəzalandırılıb, klub isə 3000 manat cərimə olunub. Bundan əlavə, “Sumqayıt” azarkeşləri rəqib komandanı və hakimləri kütləvi şəkildə təhqir etdikləri üçün klub daha 6000 manat cərimə edilib.
