Boks

Coşuanın gələcəyi necə olacaq? – Dostlarının ölümündən sonra…

Britaniyalı promouter Eddi Hirn Entoni Coşuanın rinqə nə vaxt qayıda biləcəyi ilə bağlı açıqlama verib.

Aut.az xəbər verir ki, “Matchroom Sport” şirkətinin rəhbəri bu barədə “Sky Sports”a müsahibəsində danışıb.

Hirnin sözlərinə görə, faciəvi yol-nəqliyyat hadisəsindən sonra Coşua karyerasında məcburi fasilə götürəcək. İki yaxın dostunun ölümü keçmiş dünya çempionuna ağır zərbə olub.

“Bəli, düşünürəm ki, Entoni boksdan xeyli müddətlik uzaqlaşacaq. Dostlarının ölümündən sonra onun zamana ehtiyac var. Belə faciələrə hazır olmaq çətindir. Zamanı gələndə Coşua özü qərarını açıqlayacaq, gözləyin”, – deyə Hirn bildirib.

Promouter azarkeşlərə müxtəlif insayder məlumatlarına inanmağı tövsiyə etməyib və hər şeyin birbaşa Coşuanın öz dilindən eşidiləcəyini vurğulayıb:

“Bu barədə başqalarından yox, birbaşa ondan eşidəcəksiniz. Gələcəyi ilə bağlı Coşua özü danışacaq. Məncə, o, qayıtmaq istəyəcək, amma yaxın vaxtlarda bu mövzunu müzakirə etməyəcəyik”

Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonunda Nigeriyada Entoni Coşuanın iştirakı ilə ölümcül yol qəzası baş verib. Hadisə nəticəsində britaniyalı boksçunun yaxın dostları və məşqçiləri olan Lats və Sina həyatını itirib. Coşua isə ciddi xəsarət almayıb, yalnız yüngül travmalarla xilas olub. Buna baxmayaraq, eks-çempionun əmisi Adedamola Coşua qəzadan sonra Entoninin boks karyerasını başa vurduğunu iddia etmişdi.

Aut.az